Rənglər dünyasının hökmdarı (VİDEO)

Rənglər dünyasının hökmdarı (VİDEO)
Xalq rəssamı Tahir Salahovun 90 yaşı tamam oldu

Onun haqqında ən gözəl sözləri kolleqaları deyib - rəssamlar. Tahir Salahovun portretini onlar sözlə çəkiblər. Rənglər dünyasının hökmdarı deyiblər ona, sehri fırça ustası deyiblər, incəsənətin səlahiyyətli səfiri deyiblər. Bir də Tahir Salahovu bizə əsərləri qədər tanıdan həyat yoldaşı olub. Bu şəkil qadın. Varvara Salahova. Tahir Salahovun ikinci həyat yoldaşı. Əgər rəssam özünü bizə əsərləri ilə tanıdıbsa, Varvara xanım onu bizə bir insan kimi tanıdıb.

“O inanılmaz rəssam, görkəmli pedaqoq, çox gözəl oğuldur. Mən onun öz doğmalarına münasibətini, yanaşmasını görmüşəm. Öz anasına, mənim anama, qızlarına, nəvələrinə..Mənə..İstənilən adam ondan bir xahiş eləsə, o heç vaxt həmin adamı qırmaz, çalışar ki, ona kömək etsin. O, çox gözəl yemək hazırlamağı bacarır. Şəxsən mənə bu işi Tahir öyrədib. Ümumiyyətlə, mən ondan çox şey öyrənmişəm. O mənim üçün təkcə dost, sevimli həyat yoldaşı deyil, həm də müəllimdir”, - Varvara Salahova deyib.

Tahir Salahov 1928-ci ildə Bakıda anadan olub. Azərbaycanın ən çətin illərində. 9 yaşı olanda atası Teymur Salahahovu əksinqilabçı kimi güllələyiblər. Elə bir atanı ki, Tahir Salahovun rəssam kimi yetişməsində mühüm rolu olub. Rəssam danışır ki, atası hər gün mürəkkəbqabının altına bir rubl qoyub belə deyirmiş. Hə, bu gün görək kim Caparidzenin rəsmini daha yaxşı çəkəcək? Tahir Salahov ailənin 5 uşağı arasında ən yaxşı rəsm çəkən olduğunu sübut etdi. Kətan üzərində çəkdikləri həyatda çəkdiklərini ona unutdurdu. Görkəmli rəssam bir-birindən fərqli əsərləri ilə hər kəsin ürəyinə yol tapdı. O cümlədən dövlət başçılarının da. Bu gün isə prezident İlham Əliyev Tahir Salahova telefonla zəng edib.

Müasir Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi kimi onun fəaliyyətini yüksək qiymətləndirib, onu 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunması münasibətilə təbrik edib.

Tahir Salahov telefon zənginə və təbrikə görə Prezidentə təşəkkür edib və onu Azərbaycanın yüksək dövlət mükafatına - 1-ci dərəcəli “Əmək” ordeninə layiq gördüyünə görə dərin minnətdarlığını bildirib.

Rusiya prezidenti Vladimir Putin də Azərbaycanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahovu 90 illik yubileyi münasibətilə təbrik edib, ona cansağlığı və müvəffəqiyyətlər arzulayıb.

Biz də təbrik edirik Tahir Salahovu. Rənglər dünyasında hökmranlığınız əbədi olsun!

Digər xəbərlər
Dünən
15 Dekabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə