XİN-in hikməti (VİDEO)

XİN-in hikməti (VİDEO)
Hikmət Hacıyevə yeni vəzifə verildi

2014-cü ildən Xarici Siyasət İdarəsinin mətbuatla əlaqələrini təmin edirdi. Onu hər zaman jurnalistlərin yanında görürdük. Sıramızdan biri bildik. “Adı ən yaxşı mətbuat katibi kimdir?” sorğularının hər zaman önündə gəldi. Operativliyinə, peşəkarlığına, jurnalistlərlə ünsiyyətinə görə fərqləndi. Söhbət Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Hikmət Hacıyevdən gedir. Artıq onun səsi Xarici İşlər Nazirliyindən yox, Prezident Administrasiyasından gələcək. O, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbərinin müavini vəzifəsinə təyin olunub.

Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri vəzifəsi Novruz Məmmədovun baş nazir təyin olunmasından sonra boş qalır. Bu baxımdan Hikmət Hacıyev faktiki olaraq şöbə rəhbərinin səlahiyyətlərini icra edəcək. Bu isə o deməkdir ki, bu məsul vəzifədə onun işi daha da çox, vaxtı daha az olacaq. Bəlkə də bu səbəbdən əvvəllər olduğu kimi istədiyimiz saatda ona zəng edib, müsahibə ala bilməyəcəyik. Amma yenə də onun jurnalistlərin suallarını cavabsız qoymayacağına inanırıq. Əsas isə onun bu postda da işinin öhdəsindən layiqincə gələcəyinə inanırıq.

Bir az da onun tərcümeyi-halı haqda. 1979-cu ildə Gəncədə anadan olub. BDU-nun beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin, habelə ABŞ-ın Stenford Universiteti və Norveç Xarici İşlər Nazirliyinin Siyasi Araşdırmalar Universitetlərinin, NATO-nun Müdafiə kolleci, Təhlükəsizlik məsələlərinin tədqiqi üzrə Corc Marşal mərkəzi və Belçikanın ULB universitetinin magistr pilləsinin məzunudur. 2000-ci ildən Xarici İşlər Nazirliyi ‎sistemində çalışır. Müxtəlif illərdə o, Azərbaycanın NATO ‎nümayəndəliyində, Azərbaycanın Küveytdəki səfirliyində çalışıb. 2011-ci ildən isə ‎Azərbaycanın Misirdəki səfirliyində müşavir vəzifəsini tutub. Hikmət Hacıyev 2014-cü ildən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat ‎xidmətinin rəhbəridir. Bu il iyulun 9-da "Diplomatik xidmətdə fərqlənməyə görə" medalı ilə təltif olunub.

Mətbuat katibi postunda fəaliyyəti 4 il sürdü. Onun təyinatı əvvəlki sələflərinin də təyinatını yada saldı. Xarici İşlər Nazırliyinin mətbuat katibi kreslosuna zarafatla sehrli kreslo deyənlər də oldu. Məsələn, Hikmət Hacıyev Elman Abdullayevin yerinə təyinat almışdı. Elman Abdullayev mətbuat katibi postundakı 3 illik fəalliyyətdən sonra Efiopiyaya səfir göndərildi. Hazırda da həmin postda işləyir. XİN-in mətbuat əlaqələndiricisi olan Mətin Mirzə 2008-2011-ci illərdə Azərbaycanın İndoneziyadakı səfirliyində müşavir, sonra isə AZərbaycanın Çindəki səfirliyində çalışıb.

Tahir Tağızadə əvvəl Azərbaycanın Çexiyadakı səfir vəzifəsinə təyinat alıb, sonra isə Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Xəzər İbrahim isə 2009-cu ildə Azərbaycanın ABŞ-dakı səfirliyinə müşavir vəzifəsinə göndərilib, ardınca isə Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı təyin edilib. Ötən ildən isə Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiridir. XİN-in mətbuat katibi olmuş Elxan Poluxov da sonradan səfir vəzifəsinə yüksəlib. O, Azərbaycanın Cənubi Afrika Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Sonra Azərbaycanın Braziliyadakı diplomatik missiyasına rəhbər təyin edilib. Bir sözlə, nə hikmətdirsə, xarici işlər nazirliyinin mətbuat katibi postundan gəlib keçənlər, media nümayəndələri ilə hər zaman mədəni, həm də operativ məlumatlandırma baxımından fəqləniblər. Bəlkə də bu da xarici işlər nazirliyinin daxili siyasətidir. Hikmət Hacıyevin yerinə yeni təyinatın da uğurlu olacağına inanırıq.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə