Arif Məlikov "Şöhrət" ordeni ilə təltif edildi

Arif Məlikov
Prezident İlham Əliyev xalq artisti Arif Məlikovu təbrik edib

Prezident İlham Əliyev Arif Məlikovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Arif Cahangir oğlu Məlikov “Şöhrət” ordeni ilə təltif edilsin.

İlham Əliyev eyni zamanda xalq artisti Arif Məlikovu təbrik edib.

Təbrikdə deyilir: "Hörmətli Arif müəllim! Sizi – Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsini 85 illiyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə cansağlığı və işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

Sizin geniş diapazonlu rəngarəng yaradıcılığınız müasir musiqi mədəniyyətimizin parlaq hadisələrindəndir. Qara Qarayev məktəbinin layiqli davamçısı kimi xalq musiqisi ənənələri və dünya klassik irsini müasir musiqi formaları ilə uğurlu şəkildə birləşdirərək meydana gətirdiyiniz çoxsaylı sənət nümunələri ilə musiqi salnaməmizin daha da zənginləşməsində və ölkə mədəniyyətinin inkişafında müstəsna xidmətləriniz vardır. Özünəməxsus əlvan musiqi çalarları, dərin koloriti və yüksək bədiiliyi ilə seçilən əsərləriniz professionallığın zirvələri olub, musiqisevərlərin daim rəğbətini qazanmışdır. Fəlsəfi düşüncələr və bəşəri duyğularla aşılanmış ecazkar musiqiniz mənəvi kamilliyə can atmaqda insanlara yaxından kömək edir. Zamanın yüksək sənət qarşısında irəli sürdüyü tələblərə cavab verən qiymətli əsərləriniz ölkəmizin hüdudlarından kənarda, dünyanın ən məşhur teatrlarında uğurlu səhnə təcəssümünü tapmışdır.

Siz, eyni zamanda, gənclərin hamisi və mahir pedaqoq olaraq Bakı Musiqi Akademiyasının professoru və bəstəkarlıq kafedrasının müdiri kimi zəngin təcrübənizdən bəhrələnən istedadlı musiqiçilər nəslinin yetişdirilməsində uzun illərdən bəri böyük xidmətlər göstərirsiniz. İctimai-siyasi həyatımızda cərəyan edən mühüm hadisələrə və taleyüklü məsələlərə münasibətdə Siz həmişə əsl vətəndaşlıq mövqeyi nümayiş etdirmiş, vətənpərvər və aydın düşüncəli ziyalı kimi də xalqımızın hörmətini qazanmısınız.

Səmərəli, məhsuldar və mənalı həyat yolunuz sənətə sonsuz bağlılığın və xalqa xidmətin bariz nümunəsidir. Yaradıcılığınız dövlət tərəfindən daim lazımınca qiymətləndirilmişdir. Siz müstəqil Azərbaycan Respublikasının ən ali təltiflərinə – Heydər Əliyev mükafatına, “Heydər Əliyev” və “İstiqlal” ordenlərinə layiq görülmüsünüz.

Əminəm ki, Siz bundan sonra da bütün qüvvə və bacarığınızı Azərbaycan mədəniyyətinin inkişafı naminə sərf edəcəksiniz".

Digər xəbərlər
Bugün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə