Millimiz yenə 1 xalla kifayətləndi

Millimiz yenə 1 xalla kifayətləndi

Futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasında II tur matçına çıxıb.

"Report" xəbər verir ki, milli komanda D Liqasında 3-cü qrupun oyununda Maltanın qonağı olub. Ta Qali Milli Stadionunda keçirilmiş görüş bərabərliklə nəticələnib - 1:1. Hesabı 10-cu dəqiqədə meydan sahiblərinin futbolçusu Andrey Acus açıb. O, Bədavi Hüseynovun cərimə meydançası daxilində rəqib futbolçuya etdiyi kobudluqdan sonra penaltini dəqiq yerinə yetirib. Azərbaycan millisi bərabərlik qolunu 26-cı dəqiqədə vurub. Riçard Almeydanın vurduğu cərimə zərbəsindən sonra rəqib qapıçı Endryu Hoqq topu qaytarsa da, Təmkin Xəlilzadə təkrar zərbə ilə fərqlənib. Bu, "Qəbələ"dən dəvət almış cinah oyunçusunun millidə ilk qolu olub. Xəlilzadə yığmada fərqlənən 62-ci futbolçu kimi tarixə düşüb.

Bundan az sonra qonaq komanda daha bir zərbə alıb. Sağ cinahda çıxış edən Pavlo Paşayevin qarşısı kobudluqla alınıb. Nəticədə Paşayev zədələnərək, oyuna davam edə bilməyib. O, 34-cü dəqiqədə yerini Ürfan Abbasova verib. Digər əvəzləmələr isə fasilədən sonra gerçəkləşdirilib. 56-cı dəqiqədə Cavid İmamverdiyev Emin Mahmudovu, 68-ci dəqiqədə Ramil Şeydayev Rauf Əliyevi əvəzləyib.

Kosovo ilə ilk tur matçında olduğu kimi, bu dəfə də Azərbaycan millisi ikinci hissədə daha fəal təsir bağışlayıb. Baş məşqçi Qurban Qurbanov ötən oyunla müqayisədə start heyətdə etdiyi 3 dəyişiklik - Ürfan Abbasovu Təmkin Xəlilzadənin, Ruslan Qurbanovu Dmitri Nazarovun, Ramil Şeydayevi isə Rauf Əliyevin əvəzləməsi də öz sözünü deyib. Heyət daha çox hücumameylli oyunçulardan qurulsa da, çoxsaylı hücumu məntiqi sonluğa çatdırmaq mümkün olmayıb. Beləliklə, ardıcıl ikinci görüşdə qələbə qazanmaq mümkün olmayıb.

Bu nəticədən sonra Azərbaycan millisi xallarını 2-yə çatdırıb və paralel oyunda Kosovonun Farer adalarını məğlub etməsi səbəbindən 3-cü pilləyə enib. Kosovo 4 xalla 1-ci pilləyə yüksəlibsə, Farer adaları 2-ci pilləyə enib. 1 xala malik Malta isə sonuncudur.

Qeyd edək ki, qarşılaşmanı AFFA-nın prezidenti Rövnəq Abdullayev başda olmaqla, milli assosiasiyanın rəsmiləri, eləcə də bir qrup azərbaycanlı azarkeş də izləyib.

Digər xəbərlər
Bugün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə