Lirə-lirə düşən Tramp (VİDEO)

Lirə-lirə düşən Tramp (VİDEO)
Lirə sürətlə ucuzlaşır

Türk lirəsi ABŞ dolları qarşısında rekord səviyyədə ucuzlaşır. Vəziyyət o həddə çatıb ki, 1 dollar almaq istəyən vətəndaş 5,42 lirəsindən keçmək məcburiyyətindədir. Avronun sambalı isə 6,27 lirə həddindədir. Ümumiyyətlə, lirənin ucuzlaşacağı gözlənilən idi. Çünki Birləşmiş Ştatlarla münasibətlərin gərginləşməsi Türkiyədən valyuta axınına birbaşa təsir edib. ABŞ-ın bir neçə gün əvvəl Türkiyənin iki nazirinə sanksiya tətbiq etməsi də milli valyutaların münasibətinə ciddi şəkildə təsir edib. Bu sanksiyalardan sonra lirəyə təzyiq dollara təlabatı artırdı. Bu bahalaşmaya Türkiyəyə qarşı yeni sanksiyaların olacağı riski də müəyyən mənada təkan verir. Əgər növbəti sanksiya baş verərsə Türkiyə iqtisadiyyatına təsirlər bir qədər də artmış olacaq. Bu müsəlman ölkəsində, bir keşişin iki ölkə münasibətlərinə vurduğu zərbənin də episentri lirədə daha çox hiss olundu. Birləşmiş Ştatlar Nuh deyir, peyğəmbər demir. İndi bu keşişin qiyməti lirədən daha dəyərlidir...

Eyni zamanda son iki ildə Türkiyəni kifayət qədər sərmayə, deməli valyuta tərk edib. Bu da Türkiyədə valyutaya tələbin ödənilməsində çətinlik yaradır. Bu da təbii ki, lirənin ucuzlaşmasına təsir etməkdə davam edir. Nəzərə alsaq ki, ötən həftə Türkiyədə qiymətli kağızlar bazarında, birjalarında eniş həddi rekord həddə oldu. Türkiyə Venesueladan sonra ən çox eniş müşahidə olunan birja kimi xarakterizə olunur. Bu isə o deməkdir ki, təkcə lirədə deyil eyni zamanda qiymətli kağızların dəyərində də düşmələr var. Təəssüf ki, beynəlxalq maliyyə qurumlarının Tükriyə iqtisadiyyatı ilə bağlı proqnozları da ürəkaçan deyil. Bu baxımdan qardaş ölkədə milli valyutanın daha kəskin ucuzlaşması riskləri qüvvədədir. Təbii ki, hökumət milli valyutanın dayanıqlığını artırmaq üçün bütün qabaqlayıcı tədbirləri görür. Ancaq problemin kökü siyasi amilə bağlanırsa, o zaman milli və ya dövləti maraq nəinki lirə, heç dollarla da ölçülmür... Söz yox ki, Birləşmiş Ştatlar Türkiyə iqtisadiyyatına investisiya yönəldən 3 ən böyük ölkədən biri idi. O cümlədən bu sahədə Avropa Birliyi ölkələrinin də payı az deyil. Deməli, Türkiyə iqtisadiyyatı və ölkə birjalarının strukturu, ümumilikdə Türkiyə ixracatının strukturu tələb edir ki, sözügedən ölkələrlə münasibətlər daha yaxşı olsun. Əks halda milli valyutaya təzyiq davamlı olacaq. Əgər siyasi səbəblərdən dolayı münasibətləri normal müstəviyə gətirmək mümkün deyilsə, o zaman Türkiyə hökuməti vəziyyətdən çıxış yolu olaraq hansı addımları atmalıdır?

Baxmayaraq ki, Türkiyə istehlakın əhəmiyyətli hissəsini yerli istehsalın hesabına hayata keçirir. Amma bir sıra ərzaq məhsullarını idxal edir. O cümlədən də ət və ət məhsullarını və nəticə etibarı ilə bir sıra ərzaq məhsullarının idxaldan asılılığı var. Texnologiya sahəsində də bu ölkə idxaldan asılıdır. Çox təəssüf ki, Türkiyə idxal baxımından mənfi saldoya malikdir. Bu baxımdan infliyasiyanın qarşısını almaq üçün, ərzaq məhsulları da daxil olmaqla Türkiyənin idxaldan aslı olduğu sahələr üzrə yerli istehsalın təşkili və dəstəklənməsi çox vacibdir. Eyni zamanda Türkiyə maksimum çalışmalıdır ki, idxaldan aslılığı minimuma endirsin. Bu baxımdan dollara olan təlabatı azalda bilər.

Lirənin bu qədər kövrək olmasının səbəblərindən biri də Türkiyənin əsas ticarət tərəfdaşlarından olan ölkələrin iqtisadiyyatındakı tənəzzül prosesidir. Məsələn, bilirik ki, Rusiya Türkiyə ixracatında ikinci yeri tutan ölkədir. Məsələ burasındadır ki, Türkiyə ilə normal ticarət dövruyyəsi olan İranda da analoji, hətta bir qədər də pis vəziyyətdir. Amma ekspertlər hesab edir ki, hətta bu ölkələrdə iqtisadi vəziyyət normal olsaydı belə, bunun Birləşmiş Ştatların təziqlərinə təsiri o qədər də güclü olmazdı. 

Mümkündür ki, nisbətən az təsiri ola bilərdi. Amma bütün hallarda Birləşmiş Ştatlar həm iqtisadi həm də siyasi cəhətdən hegoman dövlətdir. Nəticə etibarı ilə ABŞ-la münasibətlərin kəskinləşməsinin bir tərəfdən psixoloji təsirləri var. Eyni zamanda sərmayənin cəlb olunmasına mənfi təsir edir. 

Nəzərə alaq ki, Türkiyə Azərbaycanın ən yaxın strateji müttəfiqidir. Məsələn, ölkəmizin təkcə qeyri-neft ixracatının 26 faizi Türkiyənin payına düşür. Türkiyə Azərbaycanla ticarət dövriyyəsində 13 faizə malikdir. İki ölkə arasında ticarət dövriyyəsi 2,3 milyard dollara bərabərdir. Təbii ki, türk lirəsinin ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına və deməli milli valyutasına təsiri olmamış deyil. Belə olan təqdirdə, “Məndən ötdü, qardaşıma dəydi” məsəlindən uzaq olsun, Azərbaycana mümkün təsirləri neytrallaşdırmaq mümkündürmü? 

Çox təəssüf ki, indi biz, Lirənin kəskin ucuzlaşmasının fəsadlarından dolayı, mümkün ziyanlardan qorunmağın yollarını axtarmaq məcburuyyətindəyik. Ancaq yaddan çıxarmayaq ki, Türkiyənin bu tip situasiyalardan qalib çıxmaq kimi tarixi təcrübəsi var. Vaxt gələcək, dünya hegemonları bir keşişə qurban verdikləri Lirənin sahibi olan Türkiyə ilə yenidən hesablaşmalı olacaqlar. Bu, sadəcə gəlişigözəl söz deyil. Tarix var, faktlar var...

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə