ABŞ-dan İrana qarşı genişmiqyaslı sanksiya

ABŞ-dan İrana qarşı genişmiqyaslı sanksiya
ABŞ dövlət katibi Mayk Pompeo bəyan edib ki, sanksiyalar daha da sərtləşdiriləcək

Amerika Birləşmiş Ştatları İrana qarşı növbəti addımını atıb.

Reuters agentliyinin verdiyi məlumata görə, rəsmi Vaşinqton İranın nüvə proqramı üzrə əldə olunan razılıq nəticəsində dayandırılan genişmiqyaslı sanksiyaları yenidən bərpa edib.

Sövdələşməyə əsasən, sanksiyaların geri qaytarılması mexanizmi İran tərəfindən yalnız razılaşmaları pozacağı təqdirdə nəzərdə tutulmasına və bunun baş verməməsinə baxmayaraq, ABŞ bunu birtərəfli qaydada elan edib. Çoxtərəfli sazişin heç bir tərəfi bu qərarı dəstəkləməyib.

ABŞ dövlət katibi Mayk Pompeo bəyan edib ki, sanksiyalar daha da sərtləşdiriləcək.

Mayk Pompeo ABŞ-ın İrana qarşı sanksiyaların tətbiqinə ciddi nəzarət edəcəyini bildirib. Dövlət katibinin sözlərinə görə, Tehrana qarşı hətta nüvə sövdələşməsinə qədər qüvvədə olan sanksiyalardan daha sərt sanksiyalar tətbiq edilə bilər. Pompeo situasiyanın yaxşılaşması üçün başlıca şərti açıqlayıb. O deyib ki, İran özünün siyasi kursunu dəyişməli və “normal ölkəyə” çevrilməlidir. Yalnız bundan sonra Tehranla dialoq yolu açıla bilər.

ABŞ dövlət katibinin bildirdiyinə görə İran “böyük dəyişikliklərdən” keçməlidir ki, prezident Donald Tramp dialoqun aparılması üçün açıq olsun. Pompeo Trampın İranın özünü “normal ölkə kimi aparmağa” məcbur etmək niyyəti barədə də danışıb.

Mayk Pompeo sanksiyaların nəticələrinə görə məsuliyyətin Tehranın üzərinə düşdüyünü bildirib. “İran xalqı amerikalılardan deyil, öz rəhbərlərindən narazıdır. Bu, sadəcə olaraq iran xalqının öz hakimiyyətindən narazılığıdır. Prezident aydın şəkildə bildirib ki, iran xalqı ona kimin rəhbərlik edə biləcəyi barədə ciddi səs haqqına malik olmalıdır”-Pompeo bildirib.

ABŞ dövlət katibi İrandakı etirazlara da toxunub və rejimin dinc etirazçılara qarşı zor işlətməsindən ciddi narahatlıq ifadə edib. Deyib ki, ABŞ İranı öz vətəndaşlarının haqlarına hörmət etməyə çağırır.

Ötən həftə isə ABŞ prezidenti Donald Tramp İrandakı vəziyyətlə bağlı “Twitter” səhifəsində yazmışdı.

Ağ Evin rəhbəri bildirmişdi ki, İran və iqtisadiyyatı çox pis və sürətlə geri gedir. Tramp həmin “Tvit”ində İran prezidenti Həsən Ruhani ilə görüşü barədə qeyd edib.

“Mənim görüşüb-görüşməməyimin əhəmiyyəti yoxdur. Bu onlardan asılıdır", - deyə Tramp yazıb.

Bundan əvvəl isə Tramp İran İslam Respublikası ilə heç bir ilkin şərt olmadan danışıqlara hazır olduğunu bəyan etmişdi.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə