Mir Şahinin vaxtı (VİDEO, 22.07.18)

Mir Şahinin vaxtı (VİDEO, 22.07.18)

Bu gün milli jurnalistikamızın, jurnalistlərin bayramıdır. Amma bu bayramda jurnalist yalnız bir tərəfdir. Qalan tərəflər isə oxucudur, dinləyicidir, tamaşaçıdır. Deməli, bayram həm də və daha çox onlara düşür. Ona görə də mən bu bayram münasibətilə tamaşaçıları, oxucuları, dinləyiciləri ilk növbədə təbrik edirəm.  Jurnalistlərimizə isə daha çox eksklüzivlər, “əla yazmısan!”, “əla reportajdır, əhsən!”, “sensasiyanı sən yaratdın!” tipli təşəkkür reaksiyaları, üzdə “borcumdur, bu, mənim işimdir” məzmunlu təvazökar cavab verə bilmək, amma içində öz uğurundan gerçək bir ləzzət almaq qabiliyyəti arzulayıram.  İnandırım Sizi ki, bu hissi heç nə əvəz etmir. Bu sözləri ömrünün demək olar ki, hamısını jurnalistikaya vermiş və ya ömrünün demək olar ki, hamısını jurnalistikadan almış biri kimi deyirəm. Jurnalistikanın başqa peşə və sənət növlərindən BİR BAŞLICA FƏRQİ var: Jurnalistika damardır. Daşıyıcı damar. Qanın gördüyü işi biz görürük və ya görməliyik. Təsəvvür edin ki, cəmiyyətdə bu xəbər-damar sistemi yoxdur. Təsəvvür edirsiniz? Amma mən təsəvvür edə bilmirəm. Məncə, xəbərin mənsəbi və mənbəyi arasında rabitə heç vaxt itmir. Məsələn, tutaq ki, İtaliya Prezidenti Mattarella Azərbaycana gəlir. Prezident İlham Əliyev  ona ən yüksək səviyyədə diqqət göstərir, dövlət başçısı tək Qarabağı Azərbaycanın tərkibində tanıyan bəyanat verməklə bu qayğı və lütfkarlığın sanki əvəzini çıxmağa çalışır. İlham Əliyevin “İtaliya Azərbaycan üçün ən böyük ticarət tərəfdaşıdır!” etirafı isə ağzıgöycək qaralar və ya ağzıgqara göycəklərdə qıcıqlı suallar yaradır. Aha!!! Tap-dım! Deməli TAP-dan ilişəcəyik. Urra!!! Və sair və ilaxır. Bax o zaman mübtədanı tapmaq üçün neynirik? Ay sağ ol. Xəbərə sual veririk. Və xəbər bizi aparıb hara çıxarır? 2014-cü ilin iyununa. Roma katakombalarına. O zaman “Azərbaycan öz hesabına Katakombalar təmir edir, bəs bizim məscidlər?”, - deyə sarsaq-sarsaq sual verən həmkarlar və həmkorları böyük məmnuniyyətlə  TANAP-ın növbəti stansiyasında nə qarşılardım. Bu gün TAP təkcə Avropanın yox, həm də Azərbaycanın nailiyyətidir. Azərbaycana təkcə müsəlmanların Allahı yox, elə Vatikanın Roma katakombalarına görə dua-sənası da kömək edir. Amma reallıqda bu böyük bir plandır. Uzaq mənzilli strategiyadır. Dövlət başçısının, birinci vitse-prezidentin Azərbaycanın dünyaya qovuşması, dövlətimizi, kapitalımızı bəşəriləşdirməsi siyasətinin tərkib hissəsidir. 2014-cü ildə 2018-ci ili ovuc içi kimi görmək bacarığıdır. TAP-ın ən böyük əleyhdarlarının olduğu İtaliyada, fərqi yoxdur, kimin təhriki ilə, bu gün İtaliyanın Prezidenti Azərbaycanın yanındadır. Bu ölkədə TAP-ın ən böyük tərəfdarı odur. İtaliyanın Xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Enzo Milanesdən fərqli olaraq o çox yaxşı başa düşür ki, dövlətlərarası razılaşmaları kiminsə kaprizinə görə pozmaq olmaz. Əks təqdirdə, xarici işlər nazirinin diqqətinə çatdırıldığı tərzdə desək, İtaliya məhkəməyə verilər vəazı  50  milyard dollardan artıq cərimə sanksiyasının altında qalar. İtaliya Prezidenti isə həm də bu perspektivi gördüyünə görə, yerli camaatla işləyəcəklərini, məsələnin tez bir zamanda Avropanın, Azərbaycanın xeyrinə həll ediləcəyini deyir. Bax mübtədanı tapmaq üçün sualı xəbərə vermək lazımdır deyəndə mən bunu nəzərdə tuturam. Yaxud, Azərbaycan Prezidenti ilham Əliyevin Fransada möhtəşəm qarşılanmasına gələk. Əlbəttə, dövlət başçılarının səfərləri üçün müəyyən protokol təntənələri var. Amma axı Fransa Azərbaycan prezidentini başqa qafqaz liderlərini qarşıladığı kimi qarşılaya bilməz. Zahiri təmtətraqda bunu bəlkə də hiss etməzsən. Amma bəs içəridə? Axı Makron gözəl bilir ki, Luvr muzeyinin islam incəsənətinə həsr olunmuş yeni zalları var və buranın bərpa olunmasında Azərbaycanün misilsiz rolu olub. Ona görə də Fransa Azərbaycana  Luvr muzeyi, İtaliya katakombalardan baxmalıdır və baxır. Azərbaycanı qaralamaq istəyən dırnaqarası vətəndaş kömür mədənləri və ya mədələrinin tələbi ilə real vəziyyət fərqlidir. Bəs Azərbaycan Rusiyanın təsir dairəsində idi?  Necə olur bu? Rusiya öz diplomatlarının şəxsində Avropa ölkələrindən çıxarılr. Amma Azərbaycana Avropa ölkələrindən rəsmi dəvətlər gəlir?!  

Ali qonağın birinin qabağına sərilmiş payəndaz yığışdırılmamış o biri gəlir. Bəs İlham Əliyevin Prezidentliyini guya qərb qanuni hesab etmirdi? Hanı?  Mattarella, Makron... Almaniya kansleri də  görüş ərəfəsindədir. Gələn ay, özü də Bakıda. Və bütün bunlar ondan xəbər verir ki, Azərbaycanın Avropa üçün əhəmiyyəti Qərbin bəzi dairələrinin bütün xırda-para cırtqozluqlaruna baxmayaraq dərk edilir. Qəribədir, bu və ya təxminən elə bu ölkələrdə oturub Azərbaycanı biabır etməyə çalışan azərbaycanlılarımız, daha doğrusu Azərbaycansızlarımızın özlərinin qanı qaralıb. Buna səbəb Azərbaycandan qaçaraq Almaniyaya sığınmış qaçqınların  böyük bir partiyasının ölkədən çıxarılaraq Vətənə göndərilməsidir. Dünənədək Avropa, o cümləıdən Almaniya demokratiyasını bahar küləklərinin əsdiyi məkan kimi ideallaşdıranlarımız indi onu qasırğa adlandırır. Yeni şəraitdə çaşqın vəziyyətə düşmüş, “qəriblər” Qərbi də söyür, Azərbaycanı da. Qərbi niyə söydüklərini anlamaq olar, baxmayın da adamlar burdan durub basa-basa gedib Almaniyaya, ordan da Almaniya bunları vurub geri qaytarır, bir az yaxşı etməyiblər Azərbaycan qonaqpərvərliyinə öyrəşmiş həmyerlilərimizə qarşı.  Amma işin əcaib olan tərəfi də var. Məsələn, kimsə Azərbaycana qayıtmaq istəməyib və hətta guya özünə xəsarət də yetirib ki, təyyarəyə minməsin. Əslində burda narazıların iradı, ittihamı onları üzlü qonaq bilib geri göndərən tərəfə olmalıydı, amma qonaq-qaramızın qonaq hissəsi Almaniyaya düşür qara hissəsi bizə. Absurd. Cəfəngiyyat! 

Gec-tez  öz  köç növbəsinin də  başlayacağını hiss edən başqa Azərbaycansızlar sosial şəbəkələrdə əməlli-başlı tufan qoparıblar. Başları elə bulanıb ki, Almaniyadan Bakıya qaytarılan qaçqınları müvafiq qurumların lazımi filtrdən keçirməsini belə süngüdə qarşılayırlar.  Niyə? Neçə vaxtdır ki, sosial şəbəkələr anasından bezən, atasından tezən virtual diversantların təhlükəli görüş və çağırış yerinə çevrilib. Onlar Azərbaycanda terrora, dövlət çevrilişinə, İcra Hakimiyyəti başçılarının qətlinə açıq çağırışlar edirlər.  Bəlkə bu adamlar arasında da terora, hakimiyyəti devirməyə, dövlət çevrilişinə, başqa qanlı aktlara çağıranlar olub? Dövlət bunu araşdırmamalıdır? Bu yaxınlarda Azərbaycan Respublikası məhz belə bir ehtimala görə cinayət işi açmadı?  Əlbəttə ki, araşdırılmalıdır. Əlbəttə ki, deportasiya olunmuşları müvafiq qurumlar qarşılamalı, onların çevrilişə cəhd çağırışlarına qoşulub-qoşulmadığını müəyyənləşdirməlidir, şübhələr təsdiqlənərsə, cəza tətbiq edilməlidir. O cümlədən, onlardan biri, nə vaxtsa Prezidentin mühafizə xidmətində qulluq etdiyi bildirilən Sinan Bayramovun ölkədə olmadığı müddətdəki fəaliyyəti, məşğuliyyəti də araşdırılmalıdır. Amma bu təftiş və müayinə o qədər peşəkarlıqla aparılmalıdır ki, nəticə aqibətini gözləməkdə olan başqalarını hürkütməsin, yəni sabah Qurban Məmmədli, Tural Sadiqli, Vidadi İskəndərli və başqaları, lap ola bilsin ki, onlar yox, amma onlar kimi reklamı artıq düşmüş qışqırıqçı itkinlər paketlənib geri qaytarılanda ətrafında artıq səs effekti yaranmasın. Ekstradisiya, deportasiya kimi hərəkətlərdən nə vaxtsa hansısa şübhəli əməllərdə adı keçən heç kim, bəlkə elə Sevinc Osmanqızı da sığortalanmayıb. Hər şey ola bilər. Çünki Sevinc Osmanqızının Amerika Birləşmiş Ştatlarına gedişi kifayət qədər böyük qalmaqalla müşayiət olunmuşdu, ortada hətta bir məhkəmə söhbəti də var idi. Xırdalığına varmıram. Dediyim odur ki, bütün hallarda Azərbaycanın xüsusi xidmət qurumları olduqca səliqəli davranmalıdır. Lazımsız qəddarlıq kimi, lazımsız mərhəmət də fəsad verə bilər. Amma Almaniyadan qaytarılmış və bundan sonra da qaytarılacaq başqa qaçqın bağlamalarını ehtiyatla açmaq, yoxlamaq, zəhərli paketləri ayırmaq və cəmiyyətdən təcrid etmək lazımdır. Azərbaycana gələnləri, gətirilənləri ciddi və zərif bir şəkildə yoxlamaq, ehtiyatlı və əli təmiz omaq, rüşvət almamaq lazımdır. Dövlət Gömrük xidmətinin sədri Səfər Mehdiyevlə Azərbaycan gömrüyünün beyin mərkəzində görüşdük. Deyəsən ora ilk dəfə jurnalist ayağı dəyirdi...  

İstərdim ki, müsahibədən sonra həm də düşünək. Düşünək ki, hər birimiz əlimiz və cibimiz arasındakı məsafədə yaşayırıq. Halal üçün açıq uzun, haram üçün bağlı qısa yoldur. Mən hamımızı açıq uzun, amma həm də açıq üzün yoluna dəvət edirəm. 
 

Digər xəbərlər
Bu gün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə