Mir Şahinin vaxtı (VİDEO, 08.07.2018)

Mir Şahinin vaxtı (VİDEO, 08.07.2018)
Qısa qapanma, uzun açılma: şəbəkələrdə yüksək gərginlik

...Qaranlıqlar çəkilir və yavaş-yavaş hər şey aydınlaşır. Gəncə İcra Hakimiyyətinin başçısı, yüksək vəzifəli dövlət nümayəndəsi Elmar Vəliyevə Yunis Səfərovun atəş açmasını ilk dəfə olaraq terror aktı kimi qiymətləndirən deyəsən REAL olaraq biz idik. Ona görə ki, hadisənin bütün əlamətləri buna dəlalət edirdi. Və biz iyulun 4-də, fövqəladə buraxılışımızda yaxın tariximizin Afiyəddin Cəlilov və Şəmsi Rəhimov  qətllərini də təsadüfən xatırlatmamışdıq.

Əlbəttə, Azərbaycanın hüquq mühafizə orqanları həm bu terror aktını, həm də Mingəçevir İstilik Elektrik Stansiyasında, onun ətrafında baş verən qaranlıq hadisələri ciddi araşdırır. Nəticələr barədə yəqin ki, yeni məlumatlar da olacaq. Amma hər bir təhlilçi kimi mənim də fərziyyə irəli sürmək haqqım var və elə buna görə də hesab etməyə bilərəm ki, İstilik Elektrik Stansiyasında baş vermiş olay qəzadır, ya da yalnız qəzadır. Qaranlıq çox tünddür. Yanğından, partlayışdan sonra ortada tüstü, duman da var. Məsələn, günlərin bir günü məlum olsa ki, Yunis Səfərov terror cəhdindən az əvvəl bulanıq Mingəçevir dənizində balıq tuturmuş, buna qətiyyən təəccüblənmərəm. Çünki əvvəla Mingəçevir Gəncədən məsafə etibarilə çox uzaqda deyil. Terror texnologiyası və terrorçu təfəkkürü isə diqqəti yayındırmaq məqsədilə eyni gündə bir neçə aktın həyata keçirilməsini istisna etmir, bir sıra hallarda isə hətta zərurətə çevirir. Mən bu ehtimalı istisna etmirəm. Bəli, Mingəçevir istilik elektrik stansiyasında texniki vəziyyət yarıtmazdır, istehsalat mühiti əlverişsizdir. Amma burda olduğum müddətdə anladım ki, bu çox böyük, strateji sahə, nəhəng işıq tarlamız ən yaxşı və ən etibarlı mühafizə edilmir. Və bu etibarsız avadanlıqlar kənar müdaxilə ilə də partlaya bilərdilər.

Doğrudur, mən o iddiada da deyiləm ki, kimsə həmin əraziyə qumbara atıb. Amma həssas suallar var. Məsələn, iyul ayının 5-də, səhər tezdən baş vermiş üçüncü yanğının təsvirləri o saat telefona çəkilir və dərhal da sosial mediyaya ötürülür. Çox asan bir şəkildə. Sonradan öyrəndim ki, çəkiliş bayırdan, mühafizə olunmayan ərazidən, amma hasarın dibindən, yanan transfarmatora ən yaxın nöqtədən aparılıb. Yaxşı, tutaq ki, çəkilişi aparan kəs heç pis niyyətli birisi, vətənini, anasını bir ərəb dürməyinə, fars çilovuna təklif edən vələduzna deyil, sadəcə bir maraqcıldır, görüb yanır, çəkib və qoyub facebooka. 

Bəs, telefonu başqa bir qurğu əvəz edərsə. Axı Yunis Səfərovun Suriyada döyüş təlimi keçdiyi deyilir, onda belə çıxır ki,  o, təlim düşərgələrində ən primitiv partlayıcı qurğuların hazırlanma üsullarına da, onların kənardan işə salınması tək adi mücahid vərdişlərinə də yiyələnə bilərdi. Təkrar edirəm, istintaq araşdırması davam edir, müstəntiqlər işləyirlər, hər şey tezliklə tam aydınlaşacaq və bəlkə də elə Yunisin Mingəçevirdə ömründə bir dəfə də olmadığı məlum olacaq. 

Amma ehtiyatlı igidin anası ağlamaz. Bu fərziyyəni də yoxlamaq olar, çünki hadisələrin bir-birinə parketvari bağlanması, işıqların bütün ölkədə keçməsi, təkrar qəzanın, məhz səbəbləri araşdıran komissiyanın iclası davam edərkən baş verməsi, Gəncə İcra Hakimiyyəti başçısına terrorun məhz ikinci qəza ilə təxminən eyni vaxtda törədilməsi, özü də bu olayların Azərbaycan polisinin 100 illik yubiley günlərinə düşməsi məndən ötrü adi təsadüf zənciri  deyil. Onu da nəzərə alaq ki, hadisənin ilk günündən müxtəlif mülahizələr səslənib. Yunisin anasının Rusiyanın xüsusi xidmət orqanlarına işlədiyini  deyən də olub, bu faktın dini ekstremizm anlayışı ilə heç bir bağlılığının olmadığını söyləyənlər də. Hakimiyyət nümayəndəsinə açılan atəşdə təxribat və terror ehtimalının olmasını qətiyyətlə rədd edənlər də olub, onu adi kriminal hadisə kimi şərh edənlər də. Özü də bu mülahizələri sıravi vətəndaşlar irəli sürməyib. Onlar hakimiyyətdə kifayət qədər yüksək və məlumatlı postlar tuturlar. Gördüyünüz kimi rəylər və fərziyyələr tez-tez dəyişir. Deməli yenə də dəyişə bilər. Onda niyə bizim fərziyyənin günəş, daha doğrusu qaranlıq altında yeri olmasın.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə