Xəlil heyyy - VİDEO

Xəlil heyyy - VİDEO
Bu gün Xəlil Rza Ulutürkün vəfat etdiyi gündür

Hər aşiqin öz dövranı olur. Xəlil Rza Ulutürkün də dövranı Azərbaycanın milli azadlıq hərəkatı illərinə təsadüf elədi.

Başqa sözlə, Xəlil Rzanı qələmindən daha çox siyasi fəallığı, natiqliyi, vətənpərvərliyi parlatdı. Yadımdadır, 18-19 yaşım olardı. İşlədiyim mətbəəə kitab çapı sifarişi gəldi. Adı da “Xəlil heyyy”.

Bu o dövr idi ki, Xəlil Rza Ulutürk SSRİ DTK-sı tərəfindən həbs olunmuş, Moskvaya-Lefortovo həbsxanasına göndərilmişdi. O zindanda düz 8 ay qalacaqdı, Bakıda isə həmin günlərdə hamı çəkici bir zindana vururdu. Necə etsinlər ki, Xəlili bu zindandan çıxartsınlar?Müxtəlif şairlərin Xəlil Rza haqqında yazdığı şeirlərdən ibarət “Xəlil heyyy” kitabının nəşrində məqsəd də əslində bu idi. Moskvaya həm də ədəbi etiraz! Bu işi çox ustalıqla, gizli şəkildə edirdilər.

Yadımdadır, gecə saatlarına qədər biz praktikantlar da bu kitabın cildlənmə işinə cəlb olunurduq. Kitabı hər hansı nəşriyyatda deyil, Korlar Cəmiyyətinin mətbəəsində çap eləmək də kor qalmış qonşulardan qorxuya görə idi. Bu mətbəədən heç kim şübhələnməz, kitabı gəlib buralarda axtarmazdılar. O günlərdə bizim paytaxtımızın baş qəhrəmanı idi Xəlil Rza Ulutürk. Hər kəs içində bir Xəlil sevgisi gəzdirirdi. Hərçənd, yaradıcılığından içi mən qarışıq tamamilə xəbərsizdi çoxları. Bildiyimiz yeganə şeiri “Azadlıq” şeri idi. Və düşünürəm ki, bu şeir ilə də o öz yaradıcılığına möhür vurmuş oldu. Qalanı isə əlbəttə zövq məsələsidir. Məsələn,

Bakımızı əzizləyək.
Əqrəblərdən təmizləyək!
Şölə versin bu ləl, mərcan
Ermənisiz Azərbaycan!

Şerinin müəllifi də Xəlil Rzadır. Azadlıq Meydanı onu bizə başqa yöndən tanıtdı və bu gün bu süjet də Azərbaycanın vicdan səsi Xəlil Rza üçündür. Ruhun şad olsun Xəlil Rza. Bap balaca boyunla Azərbaycanın ən Böyük adamına çevrilə bildin. Və hərdən elə bir zaman gəlir ki, bu məmləkətin Xəlil Rza səsinə, Xəlil Rza hayqırtısına ehtiyacı yaranır. Onda Xəlil hey deyib səni çağırmaq istəyir ürək. Ölümün mübarək olsun, şair!

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə