Kilsədə bir gün - VİDEO

Kilsədə bir gün - VİDEO
Azərbaycanda tolerantlıq nümunəsi olan ibadət evləri

Kilsə – şəhərdə yanından dəfələrlə ötüb keçsəm də içinə girməyə ürək eləməmişəm. Amma burdakı ab-hava, görüntü mənə həmişə maraqlı olub.

“Bu dəfə kilsədən xüsusi reportaj hazırlayacağıq” deyəndə ürəyimi yenə bu qəribə tərəddüd və maraq bürüdü. 

Bakının gözəlliyinə gözəllik qatan bu möhtəşəm memarlıq abidələri, ibadət evləri haqqında araşdıranda isə aydın oldu ki, kilsələrin tarixi gözəl binalarından daha maraqlı, daha zəngindir. 

Başlayaq XIX əsrdən. Həmin dövrdə Rusiyanın Azərbaycanı işğal etməsi və burada rusların məskunlaşması Azərbaycanda pravoslavlığın yayılmasına təkan vermişdi.

Bakı və Azərbaycanın digər bölgələrində məskunlaşan rus əhalisinin əksəriyyəti hərbçi və məmur ailələrindən ibarət idi. Onların dini tələbatının ödənilməsi və çar Rusiyasının Azərbaycanda mövqeyinin gücləndirilməsi məqsədilə pravoslav kilsələri və dua evləri inşa edilib.

Bundan başqa XIX əsrdə Bakının dünya neft sənayesinin mərkəzinə çevrilməsi buraya xeyli sayda əksəriyyəti ruslardan ibarət fəhlə qüvvəsinin gəlməsinə səbəb olub. Artıq mövcud kilsələr gələnlərin dini tələbatını ödəyə bilmirdi. Bu səbəbdən, Bakıda Qafqazda ən böyük kilsə sayılan "Aleksandr Nevski" məbədi inşa edilmişdir. Bu məbəd on il ərzində tikilmiş və 1898-ci ildə pravoslavların ixtiyarına verilmişdir. Şəhərin mərkəzində ucaldılmış bu kilsə, möhtəşəmliyi və gözəl memarlıq üslubu ilə seçilirdi.

Kilsələr ölkənin müxtəlif şəhərlərində, o cümlədən Bakı, Gəncə, Şamaxı və Xaçmazda inşa edilirdi. Həmin vaxt təkcə Bakıda 17 kilsə var idi. Onlar arasında "Mixail-Arxangel", "Müqəddəs Məryəmin miladı", Biləcəridə "Müqəddəs Varfolomey", Sabunçuda "Misirli Makari", Bayılda "Mitropolit Aleksi" və Bakı dəmiryol pravoslav kilsələrini qeyd etmək olar.

1991-ci ildə AzərbaycanIN müstəqilliyini bərpa etməsi ilə yerli pravoslavlar üçün geniş imkanlar və perspektivlər açıldı. 1998-ci ildə Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyası fəaliyyətini bərpa etdi. 


Müstəqillik illərində bir çox kilsələr, əsaslı şəkildə təmir olunmuşlar. Onlar arasında Jen-Mironosets Baş kafedral kilsəsini xüsusilə qeyd etmək lazımdır.

Hazırda Azərbaycanda altı pravoslav məbədi fəaliyyət göstərir ki, onlardan üçü Bakıda yerləşir. Bakının mərkəzində yerləşən, gözəl memarlıq üslubu ilə seçilən Jen Mironosets Baş Kafedral Kilsəsi Bakı və Xəzəryanı yeparxiyanın baş məbədi sayılır.

Kilsə 1907-cİ ildə memar M.F.Verjbitskinin layihəsi əsasında rus stilində, inşa edilİB. Kilsənin açılışında o dövrün görkəmli siyasi və din xadimləri, o cümlədən rus çarının Qafqazdakı canişini qraf Vorontsov-Daşkov iştirak etmişdir. İlk zamanlar məbəd Salyan piyada ehtiyat alayının tabeliyində idi və onların mənəvi ehtiyaclarını ödəyirdi. 

Sonralar isə Hacı Zeynalabdin Tağıyevin şəxsi maddi yardımı və ianələr hesabına inşa edilən ibadət evi bütün inanclı insanların üzünə açıldı. Hal-hazırda kilsədə pravoslav məzhəbinə etiqad edən dindarların ehtiyaclarının ödənməsindən ötrü dörd keşiş və üç dyakon fəaliyyət göstərir. 

Bura hər gün onlarla inanclı insan ibadət üçün üz tutur. Bayramlarda isə kilsəyə nəinki xristian dininin nümayəndələri hətta əksəriyyəti müsəlmanlar olan Bakı sakinləri də gəlir. Buradakı tolerant ab-hava inancından asılı olmayaraq hər kəsə yüngüllük bəxş edir.

Bu kilsə Sovet hakimiyyəti dövründə ilk bağlanan ibadət yerlərindən biri olmuş, onun baş keşişi isə güllələnib. Məbəd kommunist rejimi vaxtı anbara çevrilmiş, bir müddət sonra isə idmançıların ixtiyarına verilərək, idman zalı kimi istifadə olunmağa başlanıb.
1990-cı ildə qanlı Yanvar hadisələri zamanı kilsənin dam örtüyünə iki mərmi düşüb. Bunun nəticəsində dam tamamilə dağılıb, döşəmə çöküb, divarlar isə çatlayıb.

Məbədin yarıdağılmış binası 1991-ci ildə Rus Pravoslav Kilsəsinin sərəncamına verilib. Kilsə 2001-ci ildə əsaslı təmir olunmuş və inanclı insanların üzünə açılmışdı. Onun yenidən qurulmasında isə böyük siyasi xadim Heydər Əliyevin böyük rolu olub.

Bu rol həm də ölkədə dözümlülük mühitinin formalaşmasında özünü göstərib. Bu gün dünyaya fəxrlə Azərbaycandakı həqiqi tolerantlıq barədə danışırıqsa bu ilk növbədə dövlətin dinə ümumilikdə dinlərə, inanclı insanlara demokratik yanaşmasından irəli gəlir. 

Bu gün Azərbaycan, həm Avropa Şurasına, həm də İSESCO-ya üzv olan müsəlman ölkəsidir. Bu gün mütərəqqi dünyada demokratik dəyərlərdən biri kimi qəbul edilən etnik dini tolerantlıq Azərbaycan cəmiyyətinin nümunəvi amma bir o qədər də adi normasıdır. Heç kimə sirr deyil ki, bu gün Azərbaycana gələn mütəxəssislər dini tolerantlığı universal model kimi dünyaya təqdim edirlər. Və bu gün sadaladığım müsbət dəyərləri mən kilsədə öz gözlərimlə gördüm. Bir sözlə maraqlanmağa dəyərdi.

Digər xəbərlər
Bugün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə