Novruz Məmmədov: “Bakının qələbə zamanı çatıb”

Novruz Məmmədov: “Bakının qələbə zamanı çatıb”
Baş nazir “Ekspo 2025” sərgisi üçün Bakının namizədliyini irəli sürüb

Parisdə Beynəlxalq Sərgilər Bürosunun Baş Assambleyasının 163-cü sessiyasında “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyinə namizədlik təqdimatları keçirilib.

Sessiyada Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti üzvlərinin Bakı şəhərinin namizədliyi ilə bağlı təqdimatları dinlənilib.

Təqdimat Azərbaycanın Baş naziri Novruz Məmmədovun çıxışı ilə başlayıb.

Baş nazir çıxışında Bakının namizədliyinin hökumətimiz və cəmiyyətimiz tərəfindən tam dəstəkləndiyini vurğulayıb. Bildirib ki, bu dəstək Bakının doğru zamanda doğru məkan olduğunu göstərir.

Bakının “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyi etməyə tam hazır olduğunu bildirən Azərbaycanın Baş naziri deyib: “Universal sərgilər beynəlxalq əməkdaşlıq üçün böyük fürsət yaradan müxtəlifliyin nadir nümayişidir. Azərbaycan Respublikası Beynəlxalq Sərgilər Bürosunun dəyərlərini və görüşlərini bölüşür. Azərbaycan Ümumdünya Sərgisi və Beynəlxalq Sərgilər Bürosu ilə birgə tarix yazmağa hazırdır. Azərbaycan Beynəlxalq Sərgilər Bürosunun ən etibarlı tərəfdaşı olacağına təminat verir. Bu məsuliyyəti asan hesab etmirik. Ümumdünya Sərgisinə ev sahibliyi etmək Azərbaycan üçün prioritetdir. “Ekspo 2025”ə ev sahibliyi xalqımızın potensialının reallaşması üçün yaxşı fürsət olacaq.
Azərbaycan qitələrin və sivilizasiyaların kəsişməsində yerləşir. Ölkəmiz əsrlər boyu Qərb və Şərq, Şimal və Cənub arasında siyasət, iqtisadiyyat və ticarət körpüsü olub. İki min il ərzində qədim İpək Yolu müasir Azərbaycan torpaqlarından keçib və keçir. Ümumdünya Sərgisini keçirməklə ölkəmiz mədəniyyətlərarası dialoqa, tolerantlığa daha böyük töhfə verə bilər. Əsrlər boyunca Azərbaycanda müxtəlif etnik qruplar və dinlər sülh və qarşılıqlı hörmət mühitində birgə yaşayıblar. Cəmiyyətimiz, dövlətimiz dünyəvidir və biz bundan qürur duyuruq.

Bu gün Azərbaycan mədəniyyətlərarası və dinlərarası beynəlxalq mübadilələr mərkəzinə çevrilib. Müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələri arasında ən yaxşı qarşılıqlı anlaşmanı təşviq etmək üçün beynəlxalq platforma yaratmışıq. Bu platforma bu gün dünyanın üzləşdiyi bəzi problemləri həll etməyə imkan verir. Belə platformalara BMT, UNESCO, Avropa Şurası tərəfindən dəstəklənən, iki ildən bir keçirilən Bakı Beynəlxalq Humanitar Forumunu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu misal göstərə bilərik.
“Bakı Ekspo 2025” milli inkişafın aparıcı amili olan insan kapitalının inkişafına sərmayə yatırmaq kimi milli strategiyamıza tam uyğundur. 1991-ci ildə müstəqilliyi bərpa etdikdən sonra Azərbaycan fövqəladə bir inkişaf yolu keçib. İnklüziv və davamlı inkişaf ölkəmizin forma və istiqamətini dəyişib. “Ekspo” sərgisi bu müstəsna inkişafı dünyaya təqdim etməyə imkan verəcək.

“İnsan kapitalının inkişaf etdirilməsi, daha yaxşı gələcəyin qurulması” mövzusunu təklif etmək qərarına gəldikdə isə o, təcrübəmizə və daha da inkişaf etmək istiqamətində gördüyümüz işlərə əsaslanır.

Səylərimiz dərin izlər qoyub. 2015-ci ildə əhalinin rifahının yaxşılaşdırılmasına, eləcə də BMT-nin Minilliyin İnkişaf Məqsədlərində nəzərdə tutulan vəzifələri müvəffəqiyyətlə yerinə yetirməsinə görə Azərbaycan Cənub-Cənub mükafatına layiq görülüb. Tariximiz boyunca İpək Yolu səyahətçilərinin axını Azərbaycana misilsiz tolerantlıq, zəngin mədəniyyət və əsl yaradıcılığı ilə tanınan nadir bir ölkə nüfuzu qazandırıb. Namizədliyimiz qəbul olunduğu təqdirdə, Şərqi Avropa, Qafqaz və Xəzər dənizi regionlarında Bakı Ümumdünya Sərgisinə ev sahibliyi edəcək ilk şəhər olacaq.

“Bakı 2025” sərgisi Beynəlxalq Sərgilər Bürosuna yeni məkanda yeni auditoriya cəlb etmək imkanı yaradacaq, yeni regionda, yeni bir dövrdə yeni tarixlər yazmaq şansı verəcək. Bu, Azərbaycan xalqına Beynəlxalq Sərgilər Bürosuna onun ən yaxşı tərəfdaşlarından biri olduğunu göstərməyə imkan verəcək.

Bakı ölkəmizin dünyaya təqdim etdiyi töhfələrin qürurlu simvolu kimi daim inkişaf edir. Şəhər dəniz sahilində və sivilizasiyaların qovuşduğu bir məkanda sürətlə inkişaf edir. Bakı Şərq ilə Qərbin görüşdüyü, keçmişin gələcəklə qarşılaşdığı şəhərdir, yeni tarixi yazmağa hazır olan məkandır. Bakı yeni dövrdə Qafqaz regionunun ən böyük və ən sürətlə inkişaf edən şəhəridir.

Bakının Ümumdünya Sərgisinə ev sahibliyi etmək istəyimiz səmimidir və qəlbimizin dərinliyindən gəlir. Təklif etdiyimiz mövzu vacibdir və əsl qlobal əhəmiyyət daşıyır. Azərbaycan sərgi məkanının tikintisi və idarə olunması üçün bütün lazımi vəsaitləri təmin etməyə və Beynəlxalq Sərgilər Bürosunun qaydalarına riayət etməyə hazırdır. Əminik ki, Bakı Ümumdünya Sərgisi üçün ən yaxşı şəhərdir. Bakının qələbə zamanı çatıb”.

AZƏRTAC

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə