Vaqif İbrahimoğlunun dəyişdiyi dünya (VİDEO)

Vaqif İbrahimoğlunun dəyişdiyi dünya (VİDEO)
Teatr məbəddirsə, onu yaradan müqəddəs də var

Yaşayırıq da. Səhər işə, axşam evə, arada toya-nişana, Allah şər göstərməsin şərə, şor göstərirsə şora, bal göstərirsə bala batırıb günümüzü yeyirik. Və hər yerdə bir obrazı geyirik. İşdə müxbir, evdə ata, yurdda oğul, yolda sürücü, çöldə dost, hərbidə əsgər oluruq.

Bizim özümüzdən asılı olmadan obrazdan obraza elə hamar keçirik ki, heç ruhumuz da incimir. Mən bilmirəm lap yuxarıdan bizim bu realiti şounu kimlər izləyir, alqışlayırmı, rollarımıza qiymət verirlərmi ya yox?! 

Amma bəzən biz özümüz də bir hovur dincimizi alıb tamaşaçı olmaq istəyirik, ruhumuzla baş-başa qalıb səhnəyə baxmaq istəyirik. Başqa adamların enerjisinə, plastikasına, diapazonuna, jestiKULYASİYASINA baxıb ruhiyyəmizi dəyişirik.

Bakıda xeyli teatr var. Amma biri mənə bir köynək, bir axşam, bir ruh daha yaxındır. Tamaşaçı ilə səhnənin hamar qovuşduğu, pilləsiz bir yer var. YUĞ teatrı.

Bu gün o teatrın yaradıcısı Vaqif İbrahimoğlunun yaradana qovuşduğu gündür. 7 il əvvəl dünyasını dəyişib. Yuğ teatrının yerləşdiyi Kukla teatrına baş çəkdik. Elə gözlədiyim kimi yuğvari bir anım məclisi vardı. Şamlar, dairəvi masa və ailə üzvləri. Bəziləri gəlib getmişdilər, bəziləri tamaşaya hazırlaşırdılar. Daha çox rəsmi çəkilişlərdə iştirak edən operatorumuza anlatdım ki, buranı rahat çək. ÜRƏYİN istəyən kimi. Bura YUĞdur.

Onun başdaşında nə şəkil var, nə də tarix. Amma həyatı səhnədə neçə şəkilə saldığı tarix var. Vaqif İbrahimoğlunun novatorluğundan, YUĞun havasından udan tamaşaçılara tanış o qədər simalar var ki... Vidadi Həsənov, Fəxrəddin Manafov, Mehriban Zəki, Məmməd Səfa, Mehriban Ələkbərzadə, Oktay Mehdiyev, Fərhad İsrafilov, Gümrah Ömər, Mirsahib və adını çəkmədiyim onlarla işıqlı sima. Bütün bu adamlar Vaqif İbrahimoğlunun 1989-cu ildə yaşının müdrik çağında yaratdığı YUĞdan ruhlanan ruhani sənət adamlarıdır.

Bura başqa cür yerdir. YUĞ sənə imkan verir ki, özün özünlə qalasan. Öz günahlarınla, öz arzularınla, öz dünyanla. Burada aktyorlar dərddən danışsa da sən yüklənib getmirsən. Əksinə yüngülləşirsən. Teatr məbəddir deyirlər. Məbəddirsə onu yaradan niyə müqəddəs olmasın ki?!
Vaqif müəllim, sən xoşbəxt adamsan. Yerdə olanda da, göydə də!

Orxan Məmmədli
Real TV

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə