Lirəyə etibar edə bilərikmi? (VİDEO)

Lirəyə etibar edə bilərikmi? (VİDEO)
Azərbaycan və Türkiyə ticarətdə milli valyutaya keçmək istəyir

Dövlət başçısı İlham Əliyev yeni prezidentlik dönəminin ilk səfərini ənənəvi olaraq Türkiyəyə etdi.  Aprelin 24-də reallaşan bu səfər siyasi yükü ilə yanaşı iqtisadi perspektivlər baxımından da əhəmiyyətli oldu.

Səfər çərçivəsində imtiyazlı ticarətdən tutmuş, alqı-satqılarda milli valyutalara keçidə qədər mühüm məsələlər müzakirə predmeti oldu. Rəcəb Tayyib Ərdoğan İlham Əliyevlə birgə mətbuat konfransındakı çıxışında bəyan etdi ki, Azərbaycanla iqtisadi sahədə yerli və milli valyutaya keçid mümkün olacaq.

Bu qərar xüsusilə Türkiyə ilə əlaqəli işləyən Azərbaycan sahibkarlarının maraq dairəsinə uyğun olsa da, bəzi ekspertlər hesab etdi ki, Türkiyə və Azərbaycan arasındakı ticari əlaqələrin bütün sferalarında milli valyutalara birdən-birə keçid hələlik real deyil.  Əvvəla ekspertlər bunun üçün qanunvericilik bazasının işlənib hazırlanmasını ortaya qoyurlar. Digər tərəfdən bu razılaşmanın iqtisadiyyatın bütün sahələrində tətbiqi mümkünsüz sayılır.

Məsələn, Neft üzrə ekspert İlham Şaban belə bir yanaşma ortaya qoydu ki, Azərbaycan Türkiyəyə “Şahdəniz” yatağından təbii qaz satır. Bu təbii qazın həcmi ötən il 6.5 milyard kub metr olub. 2 ildən sonra isə onun həcmi 12.5 milyard kub metrə qədər artacaq. Bu konsensus təkcə Azərbaycanın deyil, xarici şirkətlərdən də təşkil olunub və bütün sövdələşmələr dollarla həyata keçirilir. Ona görə də hətta hökumətlərarası razılaşma olsa belə, bu, ancaq iqtisadiyyatın müəyyən sahələrini əhatə edə bilər. Nəzərdə tutulan sahələrdə milli valyutalarla qarşılıqlı ödəmələr əlbəttə ki, mümkündür.

Hələlik, həm də ilkin variant kimi kiçik ticari əməliyyatlarda bunun aparılacağı daha real görünür. Digər maraqlı məqamlardan biri də Türkiyə ilə Azərbaycan arasında imtiyazlı ticarətin reallaşdırılması ilə bağlı oldu.

Hesab olunur ki, bu, iki ölkə arasındakı balanslaşdırılmış ticarət dövriyyəsinə əsaslı şəkildə təsir edəcək. Dövlət başçımız İlham Əliyev də iki qardaş ölkə arasında razılaşdırılması mümkün olmayan heç bir məsələnin olmadığına eyham vurdu... Qeyd edək ki, bu müqavilə Türkiyə ilə Azərbaycan arasında malların qarşılıqlı tədarükünə görə gömrük rüsumunun sıfır dərəcəsinin tətbiq olunmasını nəzərdə tutur.

Mövzu ilə bağlı “Real Vaxt”ın qonağı sabiq maliyyə naziri Fikrət Yusifov ilə müzakirələr aparılıb.

Verilişə tam formatda videomaterialda baxa bilərsiniz.

Real TV

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə