Bakıda 32 yeni məhəllə salınır (VİDEO, FOTO)

Bakıda 32 yeni məhəllə salınır (VİDEO, FOTO)
Köhnə evlər sökülür, yerində yeni binalar tikilir

Bakıda köhnə, memarlıq üslubuna uyğun gəlməyən, insanların yaşayışı üçün şəraitsiz olan tikililər, binalar sökülür və əvəzində hündürmərtəbəli binalar tikilir. Bu proses paytaxtın böyük rayonlarından olan Nəsimi rayonu ərazisində də aktiv həyata keçirilir.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2016-cı ildə imzalanmış 86 saylı qərarına əsasən, hazırda Nəsimi rayonu ərazisində 32 pilot layihə təsdiq olunub. Onlardan 21-nin icrasına başlanılıb. Bu layihələr üzrə söküntü-tikinti işləri gedir.

Əsas söküntü-tikinti işləri rayonun Süleyman Rüstəm, Hənifə Ələsgərova, Xan Şuşinski və Qulu Quliyev küçələrində gedir. Həmin evlərdə əvvəllər 1, 2 və 3 mərtəbəli evlər idi. İndi həmin evlər sökülür, yerində hündürmərtəbəli binalar tikilir.

Qeyd edilən ərazilərə baş çəkdik. Tikinti-söküntü işlərinə pilot layihələrdə keçirilən tenderdə qalib gələn tikinti şirkətləri aparır. Vətəndaşlardan öyrəndik ki, artıq bir neçə küçədə də köhnə evləri qeydiyyata alıblar. Yaxın vaxtlarda həmin evlərin də söküntüsünə başlanacaq. Sökülən evlərin sakinlərinə isə əvəzində yeni tikilən binalarda tam təmirli mənzillər veriləcək.

“Bizim ev təmirsiz idi. Mənzilimizin sahəsi 90 kvadratmetrdir. Tikinti şirkəti ilə razılaşmışıq ki, sökülən evimizin yerində 110 kvadratmetr tam təmirli ev veriləcək”, - deyə sakin Eldar Mirzəyev bildirib.

Sakinlərin sözlərinə görə, onlara sökülən evlərin yerində təzə bina tikilənə qədər kirayədə qalmaq üçün şərait də yaradılır. Sakin Naibə Xəlifova deyir ki, artıq əşyalarını yaxınlıqda olan evə daşıyıblar. Mənzil kirayəsinə görə, ona ayda 500 manat veriləcək.

“Artıq bu aydan başlayaraq kirayə evdə qalırıq. Pul da adımıza açılan hesaba köçürülür. Elə ev sahibi də kirayə haqqını həmin hesabdan götürür. Bir ayı vermişik. Şirkətdən bildiriblər ki, təzə bina 3 ilə hazır olacaq”, - deyə N.Xəlifova bildirib.

Vətəndaşlardan onu da öyrəndik ki, prosesdə narazılıq halları da olub. Yəni sökülən evin əvəzinə yeni mənzil yox, pul tələb edənlər də olub. Bu isə tikinti şirkətləri ilə vətəndaşlar arasında müəyyən anlaşılmazlıqlar yaradıb. Problemlər isə tələb edilən məbləğ ilə vətəndaşa təqdim edilən pulun miqdarı arasındakı fərqdir.

Vətəndaşlardan onu da öyrəndik ki, şirkətlər sökülən evin hər kvadratına görə 1500-2000 manat verirlər. Lakin elə sakinlər var ki, bunun ikiqatını tələb edir. Nəticədə narazılıq və problemlər yaranır. Elə problemlərdən biri də Süleyman Rüstəm küçəsi 599 ünvanında yaranıbmış, bu barədə isə Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Qurban İsmayılov Real TV-yə açıqlamasında bildirib.

“Əgər evlərin əvəzinə pul veriləcəksə, onda bunun adı pilot layihə olmaz. Lakin elə vətəndaşlar var ki, bundan imtina edirlər. Evlərin əvəzində elə bir yüksək qiymət tələb edirlər ki, bu da problemlər yaradır. Süleyman Rüstəm 59 ünvanında yerləşən 1 binada 25-dən çox insan yaşayır. Bütün sakinlər evlərini boşaldıblar. Şirkətlə də müqavilə bağlanılıb. Həmin binada bir sakin qalmışdı. O, orada yaşamırdı. Evin də boşaltmışdı. Lakin mənzili təhvil vermək istəmirdi. Deyirdi ki, 70 kvadratmetrə görə 250 min pul verin. Bu da real bazar qiymətinə uyğun deyildi. Şirkət də deyirdi ki, bina tikiləndən sonra tam təmirli evini təhvil veririk. Sonra istəsən özün sat. Həmin vətəndaş israr edirdi. Sonradan sakinlə şirkət razılığa gəldilər”, - deyə Qurban İsmayılov bildirib.

Qurum rəsmisi deyir ki, ev təhvil veriləndən sonra vətəndaş evini rahat şəkildə sata da bilər. Hətta bina tam hazır olmayan vaxtda belə, əgər alıcı olarsa, vətəndaş evini sata bilər.

Qurban İsmayılov qeyd edib ki, hazırda vətəndaşların köçürülməsi paralel olaraq aparılır. Köçürülən evlərin söküntüsü gedir. Söküntü tamamlanan məhlələrdə binaların tikintisinə start verilib. Hətta bu binalardan tikintisi yekunlaşmaq üzrə olanlar da var.

“İşlər aparılarkən müəyyən çətinliklərlə üzləşirik. Elə insanlar olur ki, haqsız iradlar irəli sürürlər. Pilot layihələrin icrasında müddətində mümkün olmayan tələblər irəli sürürlər. Bəzən görürsən ki, 100 kvadratmetr mənzili olan əvəzində 200 kvadratmetr və daha artıq sahəsi olan ev tələb edir. Bəzən elələri də olur ki, evin kvadratına görə 5 min manat tələb edirlər. Belə hallar da söküntü-tikinti işlərinə maneələr yaradır”, - deyə Q.İsmayılov bildirib.

Onun sözlərinə görə, şirkətlər vətəndaşlarla razılaşmağa çalışırlar. Bu işdə icra hakimiyyətinin əməkdaşları da yardım göstərirlər: “Evlərin müəyyən hissəsi sökülüb. İşlər davam edir. Söküntü-tikinti işlərə Nəsimi rayon İcra hakimiyyəti birbaşa nəzarət edir. Şirkətlə vətəndaş arasında müqavilə bağlanılır. Şirkət üzərinə öhtəlik götürür. Şirkət tikinti müddəti ərzində vətəndaşın kirayə haqqını ödəmək şərti ilə başqa mənzillərə köçməsini təmin edir. Əşyaların yığışdırılmasından tutmuş, başqa yerlərə yerləşdirməyə qədər şirkətlər özləri edirlər. Hətta vətəndaşlar qoyduqları qapı-pəncərəni, döşəmələri və digər əşyalarını da çıxarırlar”.

Q.İsmayılov deyir ki, binalar 1-2 il ərzində tikilir: “Pilot layihələrdə məhəllə yanaşması var. Ola bilər məhlələrin hamısı 4 ilə yekunlaşar.Binaların biri 1 və 2 il müddətinə tam tikilib istismara hazır olur”.

Nəsimi rayonunda pilot layihə çərçivəsində tikilən binaların keyfiyyətinə də nəzarəti elə icra hakimiyyətinin nümayəndələri edirlər. 

Ziya SƏCCAD
Real TV

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə